Metbex

                          "Metbex"


"Pizza"

Xəmirin orijinal resepti Peter Reinhartin “The Bread Baker’s Apprentice” kitabından götürülmüşdür.

Bu xəmirdən 6 pizza kündəsi  (diametri 23-30 sm) əldə edə bilərsiniz. Bir az qalın pizza istəyirsinizsə, xəmiri 5 kündəyə bölün.

Ərzaqlar:

4 1/2 stəkan (607.5 q) ağ un
1 3/4 çay qaşığı  duz
1
çay qaşığı  toz maya
1/4 stəkan (60q) zeytun yağı və ya başqa duru yağ
1 3/4
stəkan (420q və ya 420ml) soyuq su (4.5° C - buz kimi soyuq olmalıdır)
1
xörək qaşığı şəkər tozu

BİRİNCİ GÜN

1. Bir qabda unu¸duzu və toz mayanı qarışdırın.

2. Üzərinə zeytun yağı, şəkər tozu və soyuq suyu əlavə edin. Ya iri taxta qaşıqla, ya da ki, mikserlə bir qədər yapışqan xəmir əldə edənə kimi qarışdırın. Sonra xəmiri təmiz taxta və ya masanın üzərinə qoyub  5-7 dəqiqə əlinizlə yoğurun. Alınan xəmir çox bərk olmamalı və ələ xoş gəlməlidir. Əgər xəmir çox suludursa, onda ona azacıq un əlavə edin və yenə yoğurun.  Yox əgər xəmir çox bərkdirsə, onda ona 1-2 çay qaşığı soyuq su əlavə edin və bir az da yoğurun. Hazır xəmir elastik olmalı və bir qədər ələ yapışmalıdır.

3. Xəmiri 6 eyni kündəyə ayırın. Hər kündəni bir az unlayıb yumrulayın. Kündələri hər tərəfinə bir az zeytun yağı sürtün və ayrı-ayrı selofana (yeyinti üçün nəzərdə tutulan, ingiliscə buna plastic wrap deyilir) bükün. Kündələri bir gecəlik soyuducuya  qoyun. Bu xəmir soyuducuda 3 gün ərzində qala bilər.

QEYD: Əgər xəmirin hamısını bir gündə istifadə etmək istəmirsinizsə, onda hər tərəfi yağlanmış kündələri selofana büküb dondurucuya qoyun. Burada xəmir 3 ay müddətində qala bilər. Pizzanı bişirməzdən biz gün əvvəl kündəni buzluqdan soyuducuya keçirin ki, donu açılsın.

İKİNCİ GÜN

4. Pizzanı bişirməyinizdən düz 2 saat əvvəl kündələri soyuducudan çıxardın. Taxta və ya masanı bir az unlayın. Əllərinizi xəfifcə unlayın və kündələrin üstünə basaraq onları yastıladın (qalınlığı 1.3 sm, diametri isə 12.7 sm olmalıdır). Kündələri bir az yağlayın və üzərlərini selofanla örtüb  2 saat müddətinə kənara qoyun.

5. İki saatdan sonra sobanı 260˚C-dək qızdırın.

6. Soba listini tərs çevirin və üstünə təxminən 2 xörək qaşığı un səpin. Kündəni yumruqlarınızın üzərinə yerləşdirib, xəmiri əks istiqamətlərə dartın ki, genişlənsin. Əsl pizza ustaları xəmiri havaya atıb sonra isə yumruqlarıyla tutub dartırlar ki, xəmir genişlənsin. Əgər “yumruqlu” metod sizə çətin görünürsə, onda xəmiri oxlov vasitəsilə açın.  Hazır xəmirin diametri 23-30 sm olmalıdır. Açılmış xəmiri çevrilmiş listin üstünə  qoyun.

7. İndi isə xəmirin uzərinə istədiyiniz ərzaqdan qoyun. Mənim metodum budur (şəkildə gördüyünüz)

lay 1:  4-5 qaşıq pomidor sousunu xəmirin üzərinə yayın (sousu hazırlamaq üçün ən asan üsullardan  biri: doğranmış pomidoru bir az yağda bişirin, sonra isə çəkin ki, püre kimi olsun. Zövqə gərə tavaya döyülmüş sarımsaq da əlavə etmək olar)

lay 2: dilimlənmiş sosis və yaxud kiçik tikələrə bölünmüş bişmiş toyuq əti - BU LAY olsa da olar, olmasa da. Vegetarian versiyası çox ləzzətli olur.

lay 3: yarım-ay şəklində doğranmış baş soğan

lay 4: dilimlənmiş göbələk

lay 5: uzunsov doğranmış yaşil Bolqar bibəri

lay 6: dənəsi çıxardılmış qara zeytun

lay 7: təxminən bir ovuc rəndələnmiş mozarella pendiri (Holland pendiri ilə əvəz etmək olar)

Şəkildə gördüyünüz kimi, ərzaqlardan az-az istifadə olunub, çünki xəmir incədir.

8.  Pizzanı qızdırılmiş sobada 5-8 dəqiqə ərzində bişirin. Qalan kündələri də hazırlayıb pizza bişirin. Nuş Olsun!







"Çiyələkli Çizkeyk"
Abbinin çizkeyk resepti əsasında


Qazmağı (dibi) üçün:
2 stəkan (180 q) kraker (peçenye) - ovulmuş
100 q kərə yağı - əridilmiş (ərinmiş deyil)
2 xörək qaşığı şəkər tozu
1 çay qaşığı vanilya ekstraktı və ya bir çimdik vanil tozu

Çizkeyk üçün:
3 paçka (toplam 700 q) krem-pendir (cream cheese) - otaq hərarətində
1 stəkan (210 q) şəkər tozu
3 iri yumurta - otaq hərarətində
1 stəkan (230 q) qaymaq (rusca: slivki)
1 xörək qaşığı təzə sıxılmış limon suyu (portaqal suyu da ola bilər)
1 xörək qaşığı vanilya ekstraktı və ya bir çimdik vanil tozu
1 xörək qaşığı Amaretto likyoru (zəruri deyil)

Üstü Üçün:
2 stəkan (450 q) xama
¼ stəkan (60 q) şəkər tozu
½ çay qaşığı vanilya ekstaktı və ya bir çimdik vanil tozu
nazi-nazik  dilimlənmiş çiyələk


HAZIRLANMASI:

1. Sobanı  180Cdək qızdırın.  Çaydanda su qaynadın - lazım olacaq.

2. Qazmaq ərzaqlarını bir qabda qarışdırın. Xüsusi kənarları çıxan (spring form pan) tort formasının altını folqa kağızı ilə bükün ki , su keçirməsin (tort su hamamında bişəcək). Formanın dibinə qazmağı töküb barmaqlarınızla basın ki, yaxşıca yapışsın. Formanı kənara qoyun.







3. İri qabda krem-pendir və şəkər tozunu mikserlə hamar kütlə alınanadək çalın. Bir-bir yumurtaları əlavə edib, çalın. Qaymaq, vanilya, limon suyu və əgər istifadə edirsinizsə, Amaretto likyorunu da əlavə edib krem halına gələnədək çalın.







4. Alınan qarışığı hazırladığınız formanın içərisinə tökün. Ayrı, kənarları hündür formaya qaynatdığınız suyu tökün. Çizkek olan formanı qaynar su olan formanın içinə yerləşdirin. Su çizkeyk formasının ortasına qədər gəlməlidir.

5. Çizkeyki 50 dəqiqə ərzində istinmiş sobada bişirin. Bişən keyk tamamilə bərk olmayacaq. Formanı tərpətdiyinizdə, tortun ortası bir az titrəyəcək, və bu da normaldır. Sobanı söndürün, amma çizkeyki oradan çıxartmayın - qoyun çizkeyk orada 30 dəqiqə müddətində soyusun.

6. Bu vaxt ərzinsə tortun üstünü hazırlayın. Bir qabda xama, şəkər tozu, vanilyanı qaşıqla qarışdırın. Çizkeyk sobada 30 dəqiqə qaldıqdan sonra, onu oradan çıxardıb hazırladığınız xamalı qarışığı onun üstünə yayın. Çizkeyki sobaya geri qoyun (soba sönmüş olmalıdır- yaddan çıxartmayın!). Yarım saatdan sonra çizkeyki sobadan çıxardın və soyuması üçün kənara qoyun. FORMADAN ÇIXARTMAYIN!!!! Bir az soyuduqdan sonra üstünü örtüb soyuducuya qoyun. Orada bir gecə qalsın. Sabahı gün formanın kənarlarını çıxardın. Formanın altı isə qalsın. Süfrəyə verməzdən əvvəl tortun üstünü çiyələk dilimləri ilə bəzəyin. İstəyə görə nanə yarpaqları da səpilə bilər. Nuş Olsun!




"Mimoza Salatı"



 
Ərzaqlar

450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1/2 stəkan xırda doğranmış qoz ləpəsi
3 ədəd orta boy kartof
2 ədəd yumurta
3 ədəd orta boy yerkökü
zövqə görə duz
6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
rəndələnmiş Holland pendiri


Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın.

 

Qeyd 2: Mimoza salatını balıqla da düzəltmək olar. Toyuq ətinin əvəzinə,  duzlu siyənək balığından  (rusca: selyodka) istifadə edin.

1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.

2. Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.

3. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.

toyuq ətinin yarısı
xama-mayonez qarışığı
qozun yarısı
kartofun yarısı
duz
xama-mayonez qarışığı
yumurtaların yarısı
duz
yerkökünün yarısı
xama-mayonez qarışığı

Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır.

4. Axırıncı layın üstünə və salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri sərpişdirin (bəzən mən pendirin yerinə nar dənələri qoyuram).

Nuş Olsun!

Feride xanima tesekkurler....From: Samir (Admin)





Bu sayfa hakkındaki yorumlar:
Yorumu gönderen: Reqsane., 14.11.2012, 21:02 (UTC):
Salam Feride xanim saytinizi cox beyendim.reseptler cox superdi.mene zehmet olmasa nar salatinin reseptini vererdiz.onceden tesekkur edirem.

Yorumu gönderen: Reyhan, 02.02.2012, 18:43 (UTC):
Cox gözəl bəyəndim

Yorumu gönderen: aynur, 05.01.2012, 12:07 (UTC):

Yorumu gönderen: Gunes, 11.12.2010, 15:56 (UTC):
Size tesekkur edirik

Yorumu gönderen: gul , 26.07.2010, 12:04 (UTC):
nar salati
1eded nar şirin
150qr toyugun döş eti
200qr qoz lepesi xirda
dogranmiş
mayanez
kök 5-6dene ciy veziyyetde troykadan keçirilir
istiot
duz



Bu sayfa hakkında yorum ekle:
İsmin:
Mesajınız:

 
Reklam
 

 

 

 

 

Bu sehifede deqiqe saniye qonaq oldunuz .....

 


Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır. Bütün hüquqlar qorunur ©2009

Bugün: 3

Aktif :

IP Adresiniz: 54.161.3.96

 
Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə www.Afterthought.tr.gg administrasiyası məsuliyyət daşımır..! Bugün 3 ziyaretçi  
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=